Posted by : Unknown вторник, 2 апреля 2013 г.

Pol Poqba - Qvineya əsilli fransız futbolçu. "Yuventus"un və Fransa millisinin oyunçusu. 1993-cü ilin 15 mart tarixində anadan olub. Mərkəz yarımmüdafiəçisidir, hücumameyilli yarımmüdafiəçi kimi də çıxış edir. Sağ ayağı daha işləkdir.
Transfer qiyməti - 10.000.000 avro.
Karyerasına Parisin həvəskar "Ruassi-An-Bri" klubunda başlayır. Heyətinə cəlb olunduğu ilk peşəkar klub isə "Qavr" olur.
6 oktyabr 2009-cu ildə Poqba "Mançester Yunayted"lə müqavilə imzalayır. O, klubun akademiyasına cəlb olunur. "Mançester Yunayted"in 18 yaşa qədər futbolçulardan ibarət komandasında dübütü "Kru Aleksandra" matçına təsadüf edir ki, matçda "qırmızı şeytanlar" 2:1 hesabı ilə məğlub olurlar. 2010-cu ilin noyabrında futbolçu əvəzedici heyətə dəvət olunur. Elə həmin ayın 2-də "Bolton Uonderers"lə keçirilən matçda debüt edən Polun ayağı düşərli olur. Belə ki, komanda 3:1 hesabıyla qalib gəlir.
Futbolçu "Mançester Yunayted"in əsas heyətinə düşmək şansı da qazanır. 19 fevral 2011-ci ildə FA Cup turnirində iştirak üçün ser Aleks Ferqüsson tərəfindən əsas heyətə dəvət olunur. Lakin "Krouli Taun"la keçirilən matçı, futbolçu ehtiyyat oyunçular skamyasından izləməli olur. 20 sentyabr 2011-ci il tarixində isə Pol Poqbun əsas komandada debütü rəsmiləşir. Bu, "Lids Yunayted"lə keçirilən kubok matçına təsadüf edir.
Futbolçu baş məşqçinin inamını qazana bilmir və özünə yeni klub axtarmalı olur. 27 iyul 2012-ci il tarixində Pol, "Yuventus"un düşərgəsinə dəvət edilir. Tibbi baxışdan keçdikdən sonra, 3 avqust 2012-ci ildə Poqba Yuventusla 4 illik müqaviləyə imza atır. Elə həmin ayda - "Yuventus"un "Benfika" ilə keçirdiyi yoldaşlıq matçında - debüt etmək şansı qazanır. Andrea Pirlonu əvəzləyən futbolçu, özünü yaxşı tərəfdən göstərməyi bacarır.
Futbolçunun İtaliya A seriyasında debütü də çox gecikmir. "Kyevo" ilə keçirilən matçda forma geymək şansı qazanan Pol üçün uğurlar məhz bundan sonra sıralanmağa başlayır. O, turinlilərin heyətində ilk qolunu 20 oktyabr tarixində "Napoli" ilə keçirilən matçda vurur. Oyun "Zebralar"ın 2:0 hesablı qələbəsiylə yekunlaşır.
2013-cü il də futbolçu üçün əla başlayır. "Udineze" ilə keçirilən matçda Poqba karyerasının daha bir ilkinə imza atır. Vurduğu iki möhtəşəm qolla Pol, "Yuventus"a elə-belə gəlmədiyini bir daha sübut edir.
Əsasən, dəqiq, gözlənilməz ötürmələri ilə məşhurdur. Pol, "Yuventus"un əsas heyətində 19 yaşı olarkən 5 matç keçirən ikinci futbolçu kimi də tarixə düşüb. İlk belə uğura Alessandro Del Pyero imza atmışdı.
Yığma karyerasının uğurları əsasən, gənclər seçməsiylə bağlı olduğu üçün bu haqda çox danışmırıq.
Uğurları: Hələlik ən böyük uğuru "Yuventus"la İtaliya superkubokunu qazanmasıdır.
Oyun tərzi: Əsasən texnikalı, güclü və yaradıcı futbolçu kimi tanınır. Dəqiq ötürmələri və qüvvətli zərbələriylə komandasının oyununa əlavə gözəllik qatır.
Şəxsi həyatı: 2 qardaşı var və hər ikisi də futbolçudur. Böyük qardaşı Fransanın "Sedan", kiçiyi isə İngiltərənin "Kru Aleksandra" klubunda çıxış edir.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © Gənc Futbolçular - Hatsune Miku - Powered by Blogger - Designed by Johanes Djogan -